Bu günlərdə ölkəmizin hər yerində dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi insan, Milli Lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiram hissi ilə anılır.

Bununla əlaqədar, dekabrın 8-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə millət vəkili Elman Nəsirov iştirak edib.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni ifa edilib.

Qeyd olunub ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində tarixi şəxsiyyət, Azərbaycan xalqının milli lideri adını qazanmış, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Sonra “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda çıxış üçün söz millət vəkili Elman Nəsirova verilib.

O, Azərbaycan xalqının müdrik oğlu, qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtaran dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb. Milli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edən millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bizdən cismən ayrılsa da onun dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmur. Əminliklə demək olar ki, Milli Lider, sözün əsl mənasında, ümumxalq sevgisini qazanan nadir siyasətçilərdəndir.

Millət vəkili onu da xüsusilə vurğulayıb ki, müstəqil Azərbaycanın zamanın ağır və çətin sınağından çıxarılaraq dünyada tanınan nüfuzlu bir dövlətə  çevrilməsi məhz Milli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Onun ürəklərdə yaratdığı məhəbbət alovu bir an olsun belə sönməmişdir. Hər bir azərbaycanlının Heydər Əliyevə olan sonsuz hörməti, ehtiramı və sevgisi buna əyani sübutudur.  Heydər Əliyev 15 il öncə canından çox sevdiyi, uğrunda özünü fəda etdiyi torpağa qovuşsa da, xalqımız onun əziz xatirəsini hər an qəlbində sevgiylə yaşadır.

Tədbirin sonunda bir daha Milli Lider Heydər Əliyevin qoyduğu siyasi irsin onun layiqli davamçısı, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha da qüdrətlənəcəyinə, dünyada ən inkişaf etmiş dövlətlərdən birinə çevriləcəyinə əminlik ifadə olunub.