Bakı şəhəri, Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyinin binası yenidənqurmadan sonra istifadəyə verilib.

Liseydə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb. Kabinetdə dövlət atributlarının təsviri olan və hərbi vətənpərvərlik mövzularını əks etdirən stendlər, hərbi çarpayı (yataq dəsti ilə), əsgər dolabçası, gün növbətçisi postu quraşdırılıb. Bundan başqa, sinif otağında əşya, ərzaq, kimya və silah xidmətləri üzrə hərbi geyim nümunələri, səhra yemək dəstləri, əleyhqaz, dozaölçən cihaz, xüsusi vasitələrin daşınması üçün döşlük, polad dəbilqə, PSO-lu snayper tüfənginin maketi, şüşə vitrinlərdə isə hərbi ləvazimatlar yerləşdirilib. Bu ləvazimatlar hərbi hazırlıq fənninin tədrisi zamanı məktəblilərə ibtidai hərbi biliklərin aşılanmasında praktiki cəhətdən gərəkli olacaq.

Bildirək ki, Texniki Humanitar Elmlər Liseyində Daxili Qoşunların dəstəyi ilə yaradılmış gənclərin çağırışaqədər hazırlığı kabineti sayca yeddincidir. Ötən illərdə Sumqayıt şəhərinin 1, Səbail rayonunun 3, Qaradağ rayonunun 1, Suraxanı rayonunun 1 təhsil müəssisələrində analoji hərbi kabinetlər yaradılıb.