Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb.

 Avqustun 11-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.

General-mayor T.Hüseynov çıxış edərək hərbi andı qəbul edən əsgərləri səmimi qəlbdən təbrik edərək qeyd edib ki, bu əlamətdar tarix hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən olacaq. O əsgərlərə xitabən diqqətə çatdırıb ki, hər bir hərbi qulluqçu Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir: “Sizin çiyinlərinizdə həm vətəndaşlıq, həm də hərbçi şərəfi dayanır. Unutmayın ki, Vətən öz taleyini torpağını, millətini sevən, onun uğrunda canını fəda etməyə hazır olanlara etibar edir. Bu etibarı, bu inamı öz xidmətinizlə doğruldun. Yalnız Vətənə ləyaqətlə xidmət etməyə, həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyə və Daxili Qoşunların nüfuzunu qorumağa çalışın”.

Əsgərlər adından çıxış edən əsgər Nurlan İbrahimli bu əlamətdar günü qürur hissi ilə xatırlayacaqlarını deyərək bildirib ki, hərbi and onların üzərinə çox çətin və şərəfli bir vəzifə qoyur: “Vətən öz taleyini məhz biz əsgərlərə etibar edir. Ona görə də dövlət və dövlətçiliyimizin gücləndirilməsi naminə sədaqətlə xidmət edəcək, bu etimadı fədakar xidmətimizlə doğrultmağa çalışacağıq”. Daha sonra veteranlar adından çıxış edən Vaqif Nəsibov bu gün münasibətilə təbriklərini yetirərək gələcək şərəfli xidmətlərində xidmətə yeni qəbul olunmuş əsgərlərə uğurlar arzuladı.

Çıxış edən digər qonaqlar da hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib, onlara xidmətdə müvəffəqiyyətlər arzulayıblar.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.