Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli təşkili məqsədilə Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının birgə təşəbbüsü əsasında hər il olduğu kimi, bu il də növbəti tədbir həyata keçirilib.
İyul ayının 3-də paytaxtımızın mərkəzindəki “Sahil bağı”nda artıq 13-cü dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsinə yeniyetmə və gənclərin yolasalınma mərasimi keçirilib.
Əvvəlcə Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin müşaiyətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Respublika Prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən söz açıb. O, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq və yeniyetmələrə qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb.
Bildirilib ki, istirahət üçün hər cür şəraitin yaradıldığı düşərgənin fəaliyyəti Səbail Rayon İcra Hakimiyyətinin və Daxili Qoşunların, eyni zamanda layihədə iştirak edən digər təşkilatçıların diqqət mərkəzində olacaq.
Daxili Qoşunların Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq qeyd edib ki, Daxili Qoşunların “N” saylı hərbi hissəsində yaradılan düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olmasını nəzərə alaraq bir sıra təşkilati işlər həyata keçirilib.
Qeyd olunub ki, istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşlər keçirilib, burada istirahətin təşkili, daxili qaydaları, keçiriləcək tədbirlər barədə ətraflı məlumatlar verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb.
Sonra Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Quba rayonuna yola düşüblər. Yola düşməzdən əvvəl “Şahinlər” Fəxri Xiyabanda Milli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Qeyd edək ki, Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində yaradılmış düşərgədə rayonun Qarabağ müharibəsi əlillərinin, veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə, idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, Ombudsman Aparatının, UAFA təşkilatının təqdim etdiyi uşaqlar da daxil olmaqla, ümumilikdə 100 nəfər məktəbli istirahət edəcək. Burada onlar gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə, tərəvəz və süd məhsulları ilə təmin olunacaq. İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, eyni zamanda Daxili Qoşunların hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai hərbi hazırlıq müəllimləri ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçuları da məşğul olacaqlar.