İyunun 13-də Daxili Qoşunların Baş İdarəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə əvvəlcə Milli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin müşayiətilə Dövlət Himni ifa olunub.

   Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatı və xalqımız qarşısındakı fədakar xidmətlərindən bəhs edən “Milli Qurtuluşdan İntibaha” adlı film izləyib.

    Sonra “Milli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqilliyin və dövlətçiliyin memarıdır” mövzusunda məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov çıxış edib.

    Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edən  məruzəçi qeyd edib ki, Azərbaycan tarixinə əlamətdar gün kimi daxil olan bu tarix məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən yazılıb. O, Milli Liderimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan Respublikasını parçalanmaqdan hifz edərək, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdığını və sosial-iqtisadi inkişafın təməlini qoyduğunu xüsusi olaraq vurğulayıb: “1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda sözün əsl mənasında fədakarlıq göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Milli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında  dönüş yaratdı. Həmin dövrdən beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Xilaskarlıq missiyası Onun alın yazısı idi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.

    Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndərin Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdiyini və sonrakı illərdə onu həyata keçirdiyini söyləyən tarix üzrə elmlər doktoru Ə.Qasımov, xilaskarımızın Azərbaycan xalqı üçün atdığı müdrik addımların heç vaxt yaddaşlarımızdan silinməyəciyini bildirib: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi. Bu, Milli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa  olundu. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyev dövlət müstəqilliyimizin qarantına çevirdi”.

    Silahlı Qüvvələrin yaradılması sahəsində dahi Liderin ölçüyəgəlməz xidmətləri olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdıran tarixçi Azərbaycan Respublikasının hazırda mövcud olan güclü ordusunun formalaşması prosesinin təməlinin hələ o dövrdə qoyulduğunu bildirdi: “Ulu Öndər tərəfindən həyata keçirilən mütərəqqi tədbirlərin nəticəsi kimi, Silahlı Qüvvələrin formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, eyni zamanda bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında  ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən atəşkəs imzalandı”.

    Çıxışının sonunda 15 iyun tarixinin xalqımız tərəfindən böyük iftixar hissi ilə qeyd edildiyini deyən Ə.Qasımov vurğulayıb ki, Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

   Daha sonra tədbirin aparıcısı Azərbaycan xalqının Milli Lideri, XX yüzilliyin görkəmli şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin Respublika hakimiyyətinə qayıdışının 25-ci ildönümünün tamam olduğunu nəzərə çatdıraraq deyib ki, qədirbilən Azərbaycan xalqı artıq 1997-ci ildən etibarən bu əlamətdar tarixi Milli Qurtuluş günü kimi qeyd edir.

    Tədbirin sonunda Milli Lider Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası haqqında dediyi dəyərli fikirlər səsləndirilib: “Canım və varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Müstəqil Azərbaycan dövləti gündən-günə möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir”.