Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mayın 1-də Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Nadem Yaqub Çodrini qəbul edib.

    Hərbi Attaşeni səmimi salamlayan general-leytenant Ş.Məmmədov Pakistan İslam Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq, hər iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, Pakistan İslam Respublikasının Hərbi Attaşeliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

    İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik N.Y.Çodri səmimi qəbula görə təşəkkürünü ifadə edib. Qonaq öz növbəsində Azərbaycan Respublikasının Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.

    Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi sahədə daima inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.

    Görüşün sonunda xatirə şəkli çəkdirilib.