“8 Mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə  

         Daxili İşlər Nazirinin müavini–Daxili Qoşunların Komandanının     

Qoşunların qadın hərbi qulluqçularına

T  Ə  B  R  İ  K  İ


         Hörmətli qadınlar, əziz silahdaşlarım!

Sizi “8 mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə  səmimi qəlbdən təbrik edirəm!
Azərbaycan xalqının minillik tarixində qeyrətli, igid qadınlar – Həcərlər, Nigarlar, Sara xatunlar, Tomrislər, Nüşabələr  çox olubdur.  Vətənimizin ağır günlərində onlar da kişilərlə birlikdə torpaqlarımızın müdafiəsinə qalxmış, sərt sınaqlara hünərlə sinə gərərək çətinlikdən mərdliklə çıxmışlar. Hərbi xidmətdə olan hər biriniz ən çətin anlarda bizimlə bir sırada qalmaqla analarımızın qəhrəmanlıq ənənələrini yaşadır, onların yolunu ləyaqətlə davam etdirirsiniz.
Daxili Qoşunların qadın hərbi qulluqçuları xidməti vəzifələrinin yerinə yetirilməsinə hər zaman məsuliyyətlə yanaşmış, şəxsi nümunə göstərərək yüksək nailiyyətlər əldə etmiş, dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində fədakar əməklərini əsirgəməmişlər. Onların Vətən naminə ləyaqətli xidməti yüksək qiymətləndirilmiş, bir çox qadın hərbi qulluqçularımız dövlət mükafatları ilə təltif olunmuşlar.

         Əziz qadınlar, analar və bacılar!

Bayramınızı bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidməti fəaliyyətinizdə uğurlar arzulayıram.  


Daxili İşlər Nazirinin müavini-
Daxili Qoşunların Komandanı

general-leytenant  Şahin Məmmədov