Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb
 
 Noyabrın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunlar Komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər. 

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin müşayiəti ilə Dövlət himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər. 

Sonra hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına  sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

General-mayor V.Əliyev çıxış edərək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrikini çatdırıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.

Tədbirdə çıxış edən digər qonaqlar da hərbi andı qəbul edən əsgərləri səmimi qəlbdən təbrik edib,  onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hər bir hərbi qulluqçu xidmət dövründə Azərbaycan əsgərinə xas olan bütün keyfiyyətləri mənimsəməli, Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir. 

Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.