Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. 

Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.
 
Qeyd edək ki, məktəbdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb. Kabinetdə hərbi vətənpərvərlik mövzularını əks etdirən stendlər quraşdırılıb, əsgərin xidməti fəaliyyəti və məişət şəraiti ilə bağlı, əmlaklarla zəngin guşə yaradılıb. Bununla yanaşı hərbi geyim nümunələri və təlim silahları, müxtəlif hərbi maketlər, şüşə vitrinlərdə isə hərbi ləvazimatlar yerləşdirilib. Bütün bunlar hərbi hazırlıq fənninin tədrisi zamanı məktəblilərə ilkin hərbi biliklərin aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.
 
Daxili Qoşunların dəstəyi ilə 162 saylı tam orta məktəbdə yaradılmış gənclərin çağırışaqədər hazırlığı kabineti sayca altıncıdır. Ötən illərdə Sumqayıt şəhərinin 1, Səbail rayonunun 2, Qaradağ rayonunun 1, Suraxanı rayonunun 1 təhsil müəssisələrində analoji hərbi kabinetlər yaradılıb.