Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı 2017-ci ilin I yarımilinin xidməti-döyüş fəaliyyətini qənaətbəxş hesab edib
 
 İyulun 15-də Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın “2017-ci ilin I yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib. İclasda Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə, xidmət rəisləri, hərbi hissələrin komandirləri və müavinləri iştirak ediblər.

Müşavirədə giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, dünyada baş verən proseslərin fonunda Azərbaycandakı sabitlik mühiti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin böyük uğurla davam etdirdiyi dövlət idarəçilik strategiyasının nəticəsidir ki, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir, Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. İctimai-siyasi sabitliyin təşkil edilməsi və ardıcıllıq xarakter daşınması kimi prioritet vəzifələrin icrasında Daxili İşlər Nazirinin tərkib hissəsi olan Daxili Qoşunların da fəal iştirak etdiyini deyən Daxili Qoşunların Komandanı vurğulayıb ki, 2017-ci ilin I yarısında ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli və respublika səviyyəli tədbirlərdə, ayrı-ayrı hallarda isə ictimai təhlükəsizliyin təminində və ictimai qaydaların qorunmasında Daxili Qoşunlar müəyyən edilmiş tapşırıqları layiqincə yerinə yetirmişdir.  

General-leytenant Ş.Məmmədov şuranın gündəliyini elan etdikdən sonra 2017-ci ilin I yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Şirin Xəlilov məruzə ilə çıxış edib.

Sonra Daxili Qoşunların Baş İdarəsində İnspeksiyanın rəisi polkovnik İlham Tağıyev 2017-ci ilin I yarımili ərzində Daxili Qoşunların hərbi hissələrində aparılmış ümumi inspeksiya yoxlamalarının nəticələri barədə çıxış edib. 

Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov çıxış edərək, I yarımildə Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. 

Daha sonra hərbi hissə komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib. 

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov ümumilikdə, 2017-ci ilin I yarımilində xidməti-döyüş fəaliyyətini qənaətbəxş hesab edərək, növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. O, əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və davam etdirməklə yanaşı, I yarımil ərzində mövcud olmuş nöqsanların öyrənilməsi, yaranma səbəblərinin dərindən araşdırılması, aradan qaldırılması və bir daha təkrarlanmaması üçün qısa müddətdə lazımi tədbirlərin görülməsini tələb  etmişdir.