Milli Qurtuluş Günü ərəfəsində Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində tədbir keçirilib.  

Tədbirə rayon ictimaiyyəti, ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri və Azərbaycan Velosiped İdmanı Federasiyasının gənc idmançıları da qatılıb.

Tələbə və şagirdlər, müəllimlər hərbi hissədə əsgərlər üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olublar. Daxili Qoşunların istifadəsində olan silah, zirehli texnika və avtomobillər qonaqlara nümayiş etdirilib, onların tətbiqi barədə məlumat verilib.

Sonra tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Mətləb Qənbərov Səbail rayon İcra Hakimiyyəti ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə layihəsi çərçivəsində davamlı olaraq keçirilən tədbirlərdən danışaraq vurğulayıb ki, Milli Qurtuluş Gününün təntənə ilə keçirilməsi də bu layihənin tərkib hissəsidir. 

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova çıxışında Milli Lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədilə C.Naxçıvanski adına hərbi litsey yaradılmışdır. 

 Diqqətə çatdırılıb ki, bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər hər birimizi qürurlandırır. 

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir bayram konserti ilə davam etdirilib. Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə Xanbabayeva vətənpərvərlik ruhunda mahnıları ilə şəxsi heyət qarşısında çıxış edib.