IV İslam Həmrəyliyi Oyunları zamanı hərbi qulluqçularımız yüksək hərbi intizam, peşəkarlıq, dözümlülük və əzmkarlıq nümayiş etdirərək, digər hüquq-mühafizə orqanları ilə birgə qarşıya qoyulmuş tapşırıqları tam və keyfiyyətlə yerinə yetirib.
Mayın 12-dən 22-dək ölkəmiz daha bir möhtəşəm idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edib. Daxili Qoşunların şəxsi heyəti hər zaman olduğu kimi, dövlətə, dövlətçiliyə sadiq qalaraq, oyunlar zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması üzrə üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlib.
IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirdiklərinə, yüksək peşəkarlıq və hərbi intizam nümayiş etdirdiklərinə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir sıra hərbi qulluqçuları Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən mükafatlandırılıb.
Bu münasibətlə, iyun ayının 2-də Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib. Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.
Tədbirdə çıxış edən general-leytenant Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları bir daha ürəkdən təbrik edərək, göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirinə dərin minnətdarlığını bildirib. O vurğulayıb ki, şəxsi heyət bundan sonra da keçirilən bütün mötəbər tədbirlər zamanı, o cümlədən “Formula-1 Azərbaycan Qran Pri” yarışlarında da onlara göstərilən etimadı doğruldacaq, dövlət və dövlətçiliyimizin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcəklər.
Qeyd edək ki, Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, ümumilikdə, 63 nəfər hərbi qulluqçu mükafatlandırılıb.