Mayın 26-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın IV İslam Həmrəyliyi Oyunları dövründə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətin aparılmasının nəticələri və “Formula-1 Azərbaycan Qran Pri” yarışında xidmətlə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
 
İclasda Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov iştirak edib. Bakı qarnizonunda yerləşən hərbi hissələrin komandirləri, hərbi hissə komandirlərinin müavinləri – Qərargah rəisləri, dəstə komandirləri iclasa dəvət olunublar.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov gündəlikdə duran məsələləri elan etdikdən sonra qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının, durmadan artan beynəlxalq nüfuzunun, habelə tərəqqi proseslərinə zəmin yaradan ictimai asayişin və sabitliyin qorunmasının məntiqi nəticəsi olaraq, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasının qərarına əsasən, 2017-ci ilin may ayının 12-dən 22-dək ölkəmizdə lV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Oyunlar ərəfəsi və zamanı Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş tapşırıqlar tam həcmdə yerinə yetirilmiş, hər hansı bir ciddi nöqsana yol verilməmişdir.

Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilov məruzə ilə çıxış edərək IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, 13 yarış və 5 qeyri-yarış obyektində xidmətin təşkili və aparılması ilə əlaqədar məlumat verib. 

Bildirilib ki, “Formula-1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi zamanı da digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmin edilməsi və ictimai qaydanın qorunması üzrə tapşırıqların yerinə yetirilməsinə Daxili Qoşunlarda ciddi hazırlıq işləri görülür.

Sonra məruzə ətrafında çıxış edən Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini polkovnik Tofiq Hüseynov, Maddi-texniki təminat İdarəsinin Qərargah rəisi - İdarə rəisinin müavini polkovnik Rəşadət Nəbiyev, Şəxsi Heyət üzrə İdarədə Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov, oyunlar zamanı xidmətə cəlb olunan hərbi hissələrin komandirləri fəaliyyət istiqamətləri və aidiyyəti üzrə tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar təfsilatı ilə məlumat verib. “Formula-1 Azərbaycan Qran Pri” yarışının keçirilməsinə hazırlıq işləri barədə məlumat verərək çıxış edənlər, üzərlərinə düşən vəzifənin məsuliyyətini düzgün qiymətləndirdiklərini bildirib, Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunlar Komandanının əmin etmişdirlər ki, yarışda müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar xidmətin təşkili və aparılması təmin olunacaqdır. 

General-leytenant Ş.Məmmədov iclasda yekun nitqi söyləyərək bildirib ki, məruzələrdən və çıxışlardan da göründüyü kimi, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş tapşırıqların icrası Daxili Qoşunların şəxsi heyəti tərəfindən yerinə yetirilməsi qənaətbəxş olmuşdur. O, qarşıdan gələn “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə bağlı vəzifələrin icrasına məsuliyyətlə yanaşılmasını, bütün sahələr üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsini tələb edib.

Qarşıya qoyulmuş tapşırığın icrasında şəxsi heyətə uğurlar arzu edən Komandan vurğulayıb ki, “Formula-1 Azərbaycan Qran Pri” kimi mötəbər yarışda xidmətin aparılması tapşırıqlarının digər aidiyyəti qurumlarla yanaşı, Daxili Qoşunların qarşısında da qoyulması Respublika səviyyəsində Qoşunlara olan etimadın təzahürüdür. O, xüsusi olaraq diqqətə çatdırıb ki, daima Azərbaycan Respublikasının Prezidenti, zati aliləri cənab İlham Əliyevin göstərdiyi diqqət sayəsində dövlət qayğısı ilə əhatə olunmuş, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun rəhbərliyi altında inkişaf edən Daxili Qoşunlar bu etimadı doğruldaraq üzərinə düşən vəzifələri tam yerinə yetirməklə xalqına, dövlətinə və Prezidentinə sadiq olmasını bir daha nümayiş etdirəcəkdir".