Bakı şəhərində davam edən IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsul vəzifəyə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da cəlb edilib. 

Yarışlar ərəfəsində Qoşunların şəxsi heyəti İslam Oyunları ilə bağlı yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən uğurla gəlməkdədir.

Həvalə olunmuş obyektlərin mühafizəsinə cəlb edilmiş şəxsi heyətlə davamlı olaraq görüşlər keçirilmiş, xidmətin təşkili və aparılması məqsədilə lazımi tədbirlər yerindəcə həll edilmişdir.

 Həvalə olunmuş obyektlərin mühafizəsi məqsədilə perimetr boyu xidmət aparan şəxsi heyətdən başqa, müvafiq obyektləri qəbul edərək, yoxlama-axtarış tədbirlərini həyata keçirən mühəndis-istehkamçılar da vəzifələrinin öhdəsindən layiqincə gəlməkdə, nəzarət-buraxılış məntəqələrində isə hərbi qulluqçularımız tərəfindən buraxılış rejiminə ciddi riayət olunması təmin edilməkdədir.

Bu fəaliyyətdə qadın hərbi qulluqçularımız da xidməti tələb olunan səviyyədə aparmaqdadır.

Ötən müddət ərzində mühafizə olunan obyektlərdə xidmət aparan hərbi qulluqçularımız baş verə biləcək bir sıra xoşagəlməz halların qarşısını alıblar. Belə ki, postda xidmət aparan hərbi qulluqçular və polis əməkdaşları tərəfindən ərazilərə daxil olan şəxslərə və avtomobillərə baxış keçirilərkən içəri keçirilməsi qadağan edilən əşyalar aşkar edilmiş, buraxılış rejimini pozmağa cəhd edən şəxslər saxlanılmışdır. Pozuntular yerindəcə aktlaşdırılaraq, müvafiq tədbirlər görülmüşdür.

Hərbi qulluqçularımızn sayıqlığı nəticəsində mühafizə olunan obyektlərə daxil olma cəhdlərinin qarşısının alınması bir daha şəxsi heyətin xidmətə məsuliyyətlə yanaşmasından və sayıqlıq nümayiş etdirməsindən xəbər verir.

Bütün bunlar onu deməyə əsas verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə qarşıya qoyulmuş tapşırıqların icrasına yüksək səviyyədə hazırlaşıb.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları İslamiada zamanı ümumilikdə 19 obyekt üzrə xidmətə cəlb edilib. Onlardan 14-ü yarış, 5 isə qeyri-yarış obyektləridir.