May ayının 5-də Daxili Qoşunların Baş İdarəsində dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Milli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Qasımov iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən filmin nümayişindən sonra “Heydər Əliyevin Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun formalaşmasında rolu” mövzusunda çıxış üçün söz Ə.Qasımova verilib. 
 
Bu əlamətdar tarixin təkcə respublikamızda deyil, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təmtəraqla qeyd edildiyini diqqətə çatdıran məruzəçi bildirib ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin formalaşması və inkişafı məhz dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Qeyd olunub ki, XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Heydər Əliyev dünyanın nadir, parlaq şəxsiyyətlərdən biri olmaqla yanaşı, Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik etmək, xilaskarlıq və quruculuq kimi məsuliyyətli missiyaları öz üzərinə götürmüş, bu missiyaları şərəflə yerinə yetirərək xalqımızın tarixində silinməz izlər qoymuşdur.” 

Azərbaycanın milli yüksəlişini, qazanılan uğurları, ölkəmizin siyasi, iqtisadi cəhətdən qüvvətlənərək Cənubi Qafqazın lider dövlətinə çevrilməsini Heydər Əliyevin zəngin fəaliyyəti, xarizmatik liderlik keyfiyyətləri, idarəçilik qabiliyyəti ilə əlaqələndirən Ə.Qasımov onu da əlavə edib ki, dahi liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli, mədəni dəyərlərin, mənəvi irsimizin qorunub saxlanılmasına, Azərbaycan dilinin, mədəniyyətin müxtəlif sahələrinin, idmanın, təhsilin, o cümlədən milli kadr probleminin həlli istiqamətində mühüm addımlar atılmağa başlanıldı. 

Sonda Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycan dövlətinin müstəqil siyasət həyata keçirdiyi, iqtisadiyyatımızın günü-gündən inkişaf etdiyi də fəxrlə vurğulanıb. 

Tədbir Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin solistlərinin ifasında musiqi nömrələri ilə davam etdirilib.