Fevralın 10-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidmətə yeni qəbul olunmuş əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanının əsgərlərlə görüşü keçirilib.
 
Görüşdə general-leytenant Ş.Məmmədov çıxış edərək, ordu quruculuğu sahəsində respublikada həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən Daxili Qoşunların vəzifələri, yerinə yetirdiyi tapşırıqları xidmətə yeni qəbul olunmuş əsgərlərin diqqətinə çatdırıb.
 
Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən silahlı qüvvələrimizin, eləcə də Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsindən danışan Daxili Qoşunların Komandanı vurğulayıb ki, bu gün əsgər kimi sıralarımıza daxil olmuş müddətli həqiqi xidmət hərbi qulluqçulara xidməti tələb olunan səviyyədə təşkil etmək üçün hərtərəfli şərait yaradılıb: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Ordumuzun maddi-texniki təminatı yüksək səviyyədə inkişaf etməkdədir. İldən-ilə hərbi qulluqçuların sosial müdafiəsinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər Ali Baş Komandanın hərbi qulluqçularımızın fədakar xidmətinə yüksək qiymət verdiyini bir daha təsdiq edir".
 
Qeyd edilib ki, xidmət dövründə öyrənilən hərbi bilikləri, qazanılan təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəltməli, vəzifə borclarımızdan irəli gələn tələbləri layiqincə yerinə yetirməli, bir sözlə, Vətənə layiqli övlad olmalıyıq. Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, eyni zamanda şərəfli yolu inamla, uğurla keçməlidir.
 
Çıxışın sonunda xüsusi olaraq vurğulanıb ki, göstərilən yüksək diqqət və qayğıya cavab olaraq Daxili Qoşunların şəxsi heyəti Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını bundan sonra da doğruldacaqdır.
 
Görüşün sonunda xidmətə yeni qəbul edilmiş əsgərləri maraqlandıran suallar cavablandırılıb.