Kollektivin ən böyük arzusu - zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməkdir
1994-cü il noyabr ayının 17-dən etibarən hər il yaranmasının ildönümünü qeyd edən Nümunəvi-göstərici hərbi orkestr fəaliyyət göstərdiyi bu zaman kəsiyində sözün əsl mənasında nümunəvi olduğunu sübut edib. Çünki orkestrin sıralarına daxil olan musiqiçilər nəinki peşəkar ifaları, eyni zamanda bütün varlığı ilə Vətənə, torpağa bağlı olmaları ilə də seçilirlər. Bu ənənə bu gün də davam edir.
Orkestrin rəisi kapitan Hüseyn Əliyevdir. Orkestrin nəzdində Azərbaycan Respublikasının əməkdar artisti kapitan Cahangir Qurbanovun rəhbərliyi ilə mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv saz, tar, ud, qarmon, balaban, tütək, fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir. Azərbaycan Respublikasının xalq artisti leytenant Fidan Hacıyeva, Azərbaycan Respublikasının əməkdar artisti baş leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova və Rəna Əliyeva, Prezident təqaüdçüsü Amil Məmmədov, Zabitə Alıyeva orkestrin solistləridir.
Kollektivin Bədii rəhbəri və Baş dirijoru Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin rəisi, Azərbaycan Respublikasının əməkdar artisti polkovnik-leytenant İlqar Novruzovdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan polkovnik-leytenant İ.Novruzov kollektivin yarandığı ilk günlərdən öz əməyini, istedadını hərbi musiqinin inkişafına yönəldib. “Daxili Qoşunların marşı”, “Ali Hərbi Məktəbin marşı”, “Alay marşları”, Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevə həsr olunmuş “Parlaq Günəş”, “Azərbaycan”, “Vətən”, “Əsgər Anası” kimi musiqi əsərləri onun yaradıcılığının məhsuludur.
Bu baxımdan deyə bilərik ki, Baş hərbi dirijorumuzun Azərbaycan musiqi sənətinin inkişafında da xidmətləri, fəaliyyətləri danılmazdır. Bunun nəticəsidir ki, polkovnik-leytenant İ.Novruzov dəfələrlə Daxili İşlər Naziri və Daxili İşlər Nazirinin müavini- Daxili Qoşunların Komandanı tərəfindən mükafatlandırılıb. Lakin ən böyük mükafat, özünün də qeyd etdiyi kimi, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilən “Əməkdar artist” fəxri adıdır. Əslində, bu fəxri ad onun 22 illik yaradıcılığına verilən ən böyük qiymətdir.
Nümunəvi-göstərici hərbi orkestr Daxili Qoşunlarla birgə addımlayıb, istər ən ağır və çətin, istərsə də ən əlamətdar və sevincli günlərdə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini özünə şərəf borcu bilib.
Ötən müddətdə kollektivin həm tərkibi, həm də yaradıcılıq səviyyəsi dəyişib, professional yönümdə formalaşıb. İllər ötdükcə yaxşı mənada ifaçılıq dəsti-xətti ilə fərqlənən orkestrin repertuarına bu gün dünyanın dahi bəstəkarları Bethoven, Mosart, Şopen, Çaykovski, eləcə də Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, S.Ələsgərov, V.Adıgözəlov, T.Quliyev kimi dahi bəstəkarların əsərləri daxil edilib. Orkestrin repertuarında estrada və caz musiqilərinə də müraciət olunur, lakin milli ruhlu marşlar və mahnılar daha çox üstünlük təşkil edir.
Kollektiv indiyədək yüzlərlə rəsmi tədbirlərdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurlu çıxışlar edib. Lakin kollektiv cəbhə bölgəsində yerləşən hərbi hissələrdə təşkil edilən konsert proqramlarındakı çıxışları ən böyük xidmətləri kimi dəyərləndirir. Böyük fəxr hissi ilə bildirirlər ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamı artırır.
Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni avadanlıqlar, musiqi alətləri, səsgücləndiricilər alınıb, yerləşdiyi bina əsaslı şəkildə təmir olunub. Yaradılmış hərtərəfli şəraiti Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı tərəfindən onlara göstərdiyi xüsusi diqqət və qayğı kimi dəyərləndirən kollektiv bundan sonra da peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tutmaq üçün əzmlə çalışacaqlarını bildirir.