Noyabrın 12-də Daxili Qoşunların "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
 
Hərbi hissə komandiri polkovnik Salamat Cəfərov çıxış edərək, əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.
 
  Gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə  söz veriblər.
 
  Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.
 
  Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib.
 
   Təbrik məktubunda həmçinin, sıralarımıza daxil olan hər bir gəncin Vətənə sədaqətlə xidmət edəcəyinə, xidməti-döyüş tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsində öz fədakar xidmətini əsirgəməyəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacağına, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişaf və tərəqqisi naminə uğurlar əldə edəcəyinə əminlik ifadə olunub.
 
   Daha sonra təbrik və tövsiyələrini çatdırmaq üçün söz general-mayor Ş.Xəlilova verilib. Hərbi andiçmə mərasiminin “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü”ndə keçirilməsinin ikiqat əlamətdar hadisə olduğunu vurğulayan general-mayor Ş.Xəlilov diqqətə çatdırıb ki, torpaqları düşmən tapdağı altında qalan Vətənin hər bir əsgəri respublikamızın ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olmalı, Vətən, xalq qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirməlidir.
 
  Çıxış edən Veteranlar Şurasının üzvləri, əsgər valideynləri də gənc əsgərləri səmimi qəlbdən təbrik edərək onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hərbi andı qəbul edən hər bir hərbi qulluqçu birmənalı olaraq dərk etməlidir ki, Vətənə, millətə, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir.
 
  Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.