Bu fikirləri Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidmətə yeni qəbul edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşü zamanı vurğulayıb.
 
  İyul ayının 31-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərlə görüşüb.
 
  Əvvəlcə cənab Komandan əsgərlərin kazarma-məişət şəraiti ilə tanış olub, onların sağlamlığı və qidalanmasının keyfiyyəti ilə maraqlanıb.
 
  Sonra şəxsi heyət qarşısında çıxış edən Daxili Qoşunların Komandanı ümumilikdə respublikamızın sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar nəticəsində dövlətimizin günü-gündən artan beynəlxalq nüfuzu, regionda ən güclü Silahlı Qüvvələrə malik olması, eləcə də Daxili Qoşunların qarşısında duran vəzifələr haqda məlumat verərək, xidmətə məsuliyyətlə yanaşmağı tövsiyə edib.
 
  O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksək döyüş hazırlığına malik silahlı birləşmə kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulayaraq qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən şəxsi heyətə yüksək diqqət və qayğı göstərilməkdədir.
 
  General-leytenant Ş.Məmmədov bildirib ki, Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyur.
 
  Eyni zamanda vurğulanıb ki, ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai qaydanın qorunmasında Daxili Qoşunlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdədir.
 
  Bildirilib ki, Daxili Qoşunlarda xidmət edən hər bir əsgər yüksək peşə hazırlığına malik olmalı, Vətənə, dövlət və dövlətçiliyimizə sadiqlik nümayiş etdirməlidir.