General-leytenant Şahin Məmmədov yarışlar zamanı xidmətə cəlb olunan hərbi qulluqçuların hazırlığını qənaətbəxş qiymətləndirib
 
  İyunun 11-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi ilə “Formula-1” Avropa Qran-Prisi yarışlarına hazırlıqla əlaqədar müşavirə keçirilib. Müşavirədə yarışlara hazırlıqla bağlı Daxili Qoşunların Baş İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin və xidmətə cəlb olunan hərbi hissə komandirlərinin məruzəsi dinlənilib.
 
 Daxili Qoşunların Komandanı bütövlükdə hazırlığı qənaətbəxş hesab edərək, aidiyyəti üzrə tapşırıqlarını verib. Tədbirin mahiyyətini vurğulayaraq, xidmətə cəlb olunan hər bir hərbi qulluqçuda məsuliyyət hissinin aşılanmasını, müəyyən edilmiş tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, hər kəsin üzərinə düşən vəzifələrin icrasına ciddi yanaşılmasını tələb edib.
 
 İyunun 13-də respublikamızda keçiriləcək “Formula-1” Avropa Qran-Prisi yarışları zamanı Daxili Qoşunların ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyinin təmin edilməsinə cəlb olunan qüvvə və vasitələrinin hazırlığının yoxlanılması məqsədilə sıra baxışları keçirilib. “N” saylı hərbi hissədə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı tərəfindən xidmətə cəlb olunan şəxsi heyətin hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.
 
  General-leytenant Ş.Məmmədova məruzə olunub ki, Daxili Qoşunların şəxsi heyəti ölkəmizdə keçiriləcək mötəbər idman yarışı zamanı qarşıya qoyulmuş tapşırıqların təmin edilməsinə hazırdır. Qeyd olunub ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin saxlanılması və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcəkdir.
 
  Sonra şəxsi heyət qarşısında çıxış edən Daxili Qoşunlar Komandanı tədbirin məhz paytaxtımızda keçirilməsinin dövlətimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb.
 
  Yarışlar zamanı xidmətə cəlb olunan hərbi qulluqçuların hazırlığını qənaətbəxş qiymətləndirən cənab Komandan Daxili Qoşunların ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətə hazır olduğunu vurğulayıb.
 
  Çıxışının sonunda general-leytenant Ş.Məmmədov şəxsi heyətə çətin və məsuliyyətli xidmətdə uğurlar arzulayaraq, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib.