Aprelin 27-də Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun 17 nəfər dinləyicisi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olub.

Qonaqları səmimi salamlayan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Pakistan İslam Respublikası ilə ölkəmiz arasında mövcud dostluq münasibətlərindən söz açaraq, əməkdaşlığın bir çox istiqamətlərdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

  Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə iki ölkənin müvafiq  qurumları arasında hərbi-texniki əməkdaşlıq münasibətlərinin bu gün uğurla davam etdirildiyi vurğulanıb.

  Daha sonra qonaqlara Daxili Qoşunların tarixi, döyüş və inkişaf yolu, qəhrəmanlıq nümunələri, Qoşunların bugünkü inkişafı, eləcə də Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait barədə ətraflı məlumat verilib.

  Səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən qonaqlar qarşılıqlı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

  Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.