Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
 
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vüsar İsmayılov, Daxili Qoşunların Baş İdarəsində Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Mehman Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi RİH başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak  ediblər.
 
  Tədbirdə çıxış edən V.İsmayılov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, xüsusilə gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanması və təbliği məsələləri dövlətimizin gənclər siyasətində mühüm yer tutur. Bu cür yarışların keçirilməsi yeniyetmələrin və gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına təkan verir.
 
  Sonra rayon üzrə ümumilikdə 32 orta ümumtəhsil məktəbinin 400-dən çox  şagirdi arasında yarışlara start verilib. Yarışlarda komandalar fiziki hazırlıq, maneənin keçilməsi, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar.
 
 Yarışın nəticələrinə görə Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin komandası 1-ci, 182 nömrəli tam orta məktəbin komandası 2-ci, 157 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.