Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 24-cü ildönümü münasibətilə müvafiq əmrlərə əsasən, respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş, həmçinin xidmətdə xüsusilə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Bu münasibətlə martın 19-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim  edilməsi mərasimi keçirilib. 
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib. Şəhid hərbi qulluqçularımızın təltif edildikləri "İgidliyə görə" medalı cənab komandan tərəfindən onların valideynlərinə verilib.
 
  Həmin gün Daxili Qoşunların ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsində, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində hərbi qulluqçularla mədəni-kütləvi tədbirlərin keçirilməsinin təşkilində və gənc nəslin milli ruhda tərbiyə olunmasında xüsusi əməyini nəzərə alaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Xalidə Bayramova da "Fəxri Fərman"la mükafatlandırılıb.
 
  Tədbirin sonunda çıxış edən general-leytenant Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları, şəhid valideynlərini bir daha təbrik edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına minnətdarlığını bildirib. O qeyd edib ki, şəxsi heyət bundan sonra da onlara göstərilən etimadı doğruldacaq, dövlət və dövlətçiliyimizin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcək.
 
  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hərbi qulluqçulardan 25 nəfər (1 nəfər “Vətən uğrunda”, 3 nəfər "İgidliyə görə" (ölümündən sonra), 21 nəfər "Hərbi xidmətlərə görə" medalı) təltif edilib.
 
  Daxili İşlər Naziri general-polkovnik R.Usubovun əmri ilə hərbi qulluqçulardan 142 nəfər (30 nəfər "Hərbi xidmətdə fərqlənməyə görə" medal, 12 nəfər "Vaxtından əvvəl növbəti hərbi rütbə", 40 nəfər "Təşəkkür", 25 nəfər "Fəxri Fərman", 35 nəfər "200 manat məbləğində pul"), Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədovun əmri ilə isə 95 nəfər (40 nəfər "Təşəkkür", 29 nəfər "Fərman", 15 nəfər "200 manat məbləğində pul", 11 nəfər "Xidmətdə fərqləndiyinə görə" döş nişanı ilə) mükafatlandırılıb.