Məlum olduğu kimi, hər ayın birinci həftəsinin bazar günləri Daxili Qoşunların hərbi hissələrində “Açıq qapı” günləri keçirilir. Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov həmin günlərdə əsgər valideynləri ilə görüşür, onların təklif və müraciətlərini dinləyir.

Əsgər valideynləri ilə növbəti görüş fevralın 7-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində keçirilib.

  Belə görüşlərin artıq bir ənənəyə çevrildiyini söyləyən Daxili Qoşunların Komandanı cəmiyyətlə Qoşunlar arasındakı əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan danışan general-leytenant Ş.Məmmədov qeyd edib ki, iqtisadi inkişafın mümkünlüyü şərtlərindən biri də ictimai-siyasi sabitlikdir. Bu baxımdan Daxili Qoşunlar üzərlərinə düşən məsuliyyəti başa düşür və hər an qarşıda duran tapşırıqların yerinə yetirilməsinə qətiyyətlə hazırlaşır. Bununla əlaqədar Daxili Qoşunlarda xidmətin şərəfli olmasını qeyd edən Komandan, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müddətdən artıq xidmət etmək imkanlarının mövcudluğunu da valideynlərin nəzərinə çatdırıb.

  Görüşdə general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hərbi qulluqçuların vəzifə maaşlarının artırılmasının şəxsi heyətə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

  Əsgər valideynləri öz növbəsində Daxili Qoşunlarda övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Ölkə Prezidentinə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Daxili Qoşunlar Komandanlığına dərin minnətdarlıqlarını bildiriblər.

 Sonra valideynlərin müraciətləri dinlənilib. Onlar tərəfindən qaldırılan məsələlərin nəzarətdə saxlanılması istiqamətində konkret göstərişlər verilib. Həlli mümkün olan tapşırıqlar isə dərhal yerinə yetirilib.