Bir dövlətin davamlı inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Ümumilikdə götürsək, istənilən ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı geniş dünyagörüşlü, intellektual səviyyəli kadrların yetişdirilməsindən asılıdır.
 
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
 
  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamçısı olan ölkə prezidenti cənab İlham Əliyevin 6 aprel 2011-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının nəticəsidir ki, bu gün dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərdə vətənpərvərlik hisslərinin formalaşması sahəsində davamlı işlər aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmiş, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. Həmçinin gənc mütəxəssislərin işlə, gələcəyin tələblərinə cavab verən yüksək təhsillə təmin edilmələri, gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-iqtisadi problemlərinin həlli və digər mühüm məsələlər Proqramda öz əksini tapmışdır.
 
  Qeyd edilməlidir ki, Proqramın icrası ilə bağlı Daxili Qoşunlarda da bir sıra mühüm addımlar atılıb. Gənc hərbi qulluqçuların maarifləndirilməsi, onların hərbi biliklərinin artırılması prioritet məsələlərdən biridir. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.
 
 Şəhid döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar, onların rəşadəti, cəsarəti, Vətən yolunda fədakarlıqla canlarından keçmələri və digər tərbiyəvi mövzularda kollektiv söhbətlər aparılır, bu barədə məqalələr hazırlanır, metodiki vəsaitlər dərc olunur, gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına rol oynayan müxtəlif tədbirlər keçirilir.
 
  Belə tədbirlərdən biri Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən "N" saylı hərbi hissədə keçirib. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov Vətənin keşiyində daim ayıq-sayıq dayanan gənc hərbçiləri 2 fevral - Gənclər günü münasibəti ilə təbrik edərək hərbi xidmətin şərəfli olduğunu qeyd edib. Bildirib ki, bu gün ordu quruculuğu işində gənclərin rolu danılmazdır. Çünki ordunun əsasını gənclər təşkil edir və onun əsas gücü gənclərin necə formalaşmasından çox asılıdır. 
 
  Bütün gəncliyin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını əsas vəzifələrdən hesab edən Ə.Məmmədov xüsusilə vurğulayıb ki, torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir vaxtda Vətənin müqəddəsliyi, onun hər bir qarışının dəyərli olmasının hər bir hərbi qulluqçuya çatdırılmalıdır.
 
  Sonra Gənclər və İdman Nazirinin imzası ilə mükafatlandırılan 10 nəfər  hərbi qulluqçuya “Fəxri Fərman” və qiymətli hədiyyələrin təqdim edilməsi mərasimi olub. 
 
  Rəsmi hissə başa çatdıqdan sonra incəsənət xadimləri konsert proqramı ilə şəxsi heyətin qarşısında çıxış ediblər.