Yanvarın 28-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Silahlı Qüvvələr attaşesi və Hərbi İş Birliyi üzrə Koordinasiya Qərargahının rəisi general-mayor İhsan Başbozkurtu qəbul edib.
Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələrdən söz açaraq, bu münasibətlərin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış Protokoldan danışan general-leytenant Ş.Məmmədov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
General-mayor İ.Başbozkurt öz növbəsində iki qurum arasında mövcud olan işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi attaşe Türkiyə Respublikası Jandarm Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova və Daxili Qoşunlar Komandanlığına dərin minnətdarlığını bildirib.
Görüşün sonunda türkiyəli qonağa Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.