İmtahanlar təcrübəli müəllim heyətinin ciddi nəzarəti altında həyata keçirilib.
 
 Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ali xüsusi-hərbi təhsilli kadrların hazırlanması, zabit və gizirlərin ixtisaslarının artırılması, eləcə də elmi-təhqiqat işlərinin aparılması uğurla həyata keçirilir. Təlim-tədris prosesinin yekunu olaraq semestr imtahanlarına cəlb olunan kursantların əldə etdikləri nəticələr də bunu deməyə əsas verir.
 
Ali Hərbi Məktəbdə tədris prosesinin aparılması, təhsil alan kursantların imtahana cəlb olunması, həmçinin, imtahan ərəfəsində görülən hazırlıq işləri barədə Tədris şöbəsində qiymətləndirmə bölməsinin rəisi mayor Qubar Qurbanov ətraflı məlumat verdi.
 
  Mayor Q.Qurbanov tədrisin Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində bu gün təlim-tədris prosesi müasir təhsil sisteminin tələblərinə uyğunlaşdırılıb.
 
  O, dərslərin sentyabrın 15-də başladığını və 15 həftə davam etdiyini bildirdi. Qeyd etdi ki, yanvar ayında 2015-2016-cı tədris ili üçün Zabit Hazırlayan Tədris taborunun 1-ci və 2-ci kursun kursantları ilə keçiriləcək birinci semestr imtahanları ilə bağlı hazırlıq işləri yekunlaşdıqdan sonra şəxsi heyət imtahana cəlb olunur. İmtahan Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının “Kursantların biliklərinin çoxballı sistemlə qiymətləndirilməsinin təşkili haqqında” müvafiq əmrinə əsasən keçirilir.
 
  Ali Hərbi Məktəbdə təhsil alan kursantların bir semestr ərzində hər hansı bir fənn üzrə toplaya biləcəyi maksimum balın miqdarı 100-ə bərabərdir. Bunun yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə aralıq qiymətləndirmənin nəticələrinə görə verilir. Semestr fənn üzrə, kursantın biliyinin qiymətləndirilməsi isə nəticələrin toplanması ilə müəyyən edilir. Keçid balının minumum miqdarı 51 baldır.
 
  Birinci kursun kursantları İnformatika istisna olmaqla, 11 fənn üzrə test üsulu ilə imtahanlara cəlb olunur. İnformatika isə praktik üsulla həyata keçirilir. Birinci kursdan fərqli olaraq, ikinci kursun bütün imtahanları test üsulu ilə aparılır. Hər iki kursda imtahanların keçirilməsi üçün vaxt 50 dəqiqədir. İmtahanda nəzarətçi müəllimlər kursantların müəyyən edilmiş qaydalara ciddi riayət etmələrinə, eləcə də imtahan prosesinin tam şəffaf şəkildə aparılmasına nəzarət edirlər. İmtahan biletlərindəki sualların hər biri iki bal olmaqla, 25 sualdan ibarətdir. Kursantlar sual kitabçasında sualın şərtini oxuduqdan sonra düzgün hesab etdiyi bəndi cavab kartında qeyd edir. İmtahan yekunlaşdıqdan sonra cavab kartları qiymətləndirmə bölməsində optik oxuyucu cihazı vasitəsilə yoxlanılır. Keçirilən fənn üzrə yekun təhlili aparılır və faiz dərəcəsi müəyyən olunur. Kursantlar imtahanın nətəcələri ilə tanış edilir. Zəif nəticələr toplamış kursantlar əlavə olaraq üç günlük məşğələlərə cəlb olunur. Sonra yenidən təkrar imtahan götürülür. Məqsəd kursantların bilik səviyyəsinin artırılmasından ibarətdir.
 
  Hərbi Məktəbin təcrübəli müəllim heyəti tərəfindən hərtərəfli biliyə malik zabitlərin hazırlanması onu deməyə əsas verir ki, Daxili Qoşunlar bundan sonra da üzərinə düşən hər bir tapşırığın öhdəsindən layiqincə gələcək.