Yanvar ayının 22-də Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının Ali Hərbi Məktəbində ikiqat dünya və Paralimpiya Oyunlarının çempionu, altıqat Avropa çempionu, ilk dəfə paytaxtımızda keçirilmiş I Avropa Oyunlarının qalibi İlham Zəkiyevin kursantlarla görüşü olub.

Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov fəxri qonağı səmimi salamlayaraq bu görüşdən olduqca məmnun olduğunu ifadə edərək İ.Zəkiyevin təqdimata ehtiyacı olmadığını bildirib. Qeyd edib ki,  Vətənin qeyrətli oğlu, Vətən fədaisi, peşəkar idmançı kimi tanıdığımız İlhamın həyat və fəaliyyəti hər birimiz üçün - istər kursantlarımız, istərsə də pedoqoji kollektiv üçün örnəkdir. General-mayor İ.Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə gözlərinin nurunu itirən Qarabağ əlilinin iti zəkası və dəmir iradəsinin gələcəyin zabitlərinə əsl nümunə olacağını sözlərinə əlavə edib. O, çıxışının sonunda Vətən uğrunda sağlamlığından keçməyə hazır olan hər bir insanın, o cümlədən də İ.Zəkiyevin qarşısında baş əydiyini böyük qürur hissi ilə vurğulayıb.

  Sonra görüşün təşkilatçısı professor Hənifə Qurbanov çıxış edərək, Ali Hərbi Məktəbin şəxsi heyətinin, eləcə də kursantların bu cür qəhrəman insanlarla görüşlərinin əhəmiyyətindən danışaraq, bu tədbirlərin onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu söyləyib. Ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarının açılışının məhz İ.Zəkiyevə həvalə olunduğunu xatırladan professor bunu dövlətimizin öz qəhrəmanına yüksək etimadı kimi xarakterizə edib.

  Tədbirdə üçrəngli, ay-ulduzlu bayrağımızı dəfələrlə beynəlxalq turnirlərdə ən yüksək zirvəyə qaldırmış qəhrəmanımızın döyüş yolu və qazandığı uğurları əks etdirən video-süjetlər nümayiş etdirilib.

  Tədbir iştirakçıları qarşısında çıxış üçün söz İ.Zəkiyevə verilib. O, hərbçilərlə görüşə böyük sevinc hissi ilə gəldiyini deyərək, bu peşənin üstünlüklərindən danışıb. Qeyd edib ki, həyatda Vətənə, xalqa və dövlətə xidmətdən daha şərəfli heç nə ola bilməz. Bu gün də özünü Vətənin əsgəri hesab edən İlham Zəkiyev qətiyyətli şəkildə bildirib ki, hərbçi kimi missiyası yarımçıq qalsa da, idmançı kimi üzərinə düşən missiyanı axıra kimi davam etdirəcək.

  O, yarışlardakı inamlı qələbələrdən söz açarkən I Avropa oyunlarının final mərhələsindəki görüşün onun həyatında xüsusilə yadda qaldığını diqqətə çatdırıb: “Zəfərlə nəticələnən həmin görüş məhz 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə təsadüf etmişdi. Həlledici görüşdə çox güclü, peşəkar idmançı ilə üz-üzə gəldim. Açığını deyim, onu məğlub etmək o qədər də asan deyildi. Lakin mənim başqa yolum yox idi - yalnız qələbə. Çünki, Ali Baş Komandanın inamını doğrultmalıydım. Belə də oldu, mübarizədən qalib ayrıldım və cənab Prezident məni təbrik edəndə dedim ki, Cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını uğurla yerinə yetirdi".

  Xidmətdə bütün hərbçilərə uğurlar arzulayan idmançımız çıxışdan sonra kursantların suallarını cavablandırıb.

  Görüşün sonunda professor H.Qasımov və İ.Zəkiyev general-mayor İ.Məmmədov tərəfindən "Fəxri fərman"la təltif edilib.