Dekabrın 30-da Daxili Qoşunların Baş İdarəsində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramları münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Daxili Qoşunların Baş İdarəsinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin hərbi qulluqçuları iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov təməli Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar günün bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən böyük təmtəraqla qeyd olunduğunu bildirdi.
 
  Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə ünvanladığı təbrik məktubu oxundu.
 
 Təbrik məktubunda qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu tərəqqi strategiyasının, milli birlik siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ilin ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olmuş, sabitlik və daxili təhlükəsizlik etibarlı qorunmuşdur. Yola saldığımız ildə nazirlik sistemində fəaliyyətin təkmilləşdirilməsi, maddi-texniki təchizatın, sosial təminatın gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması şəraitində konkret tədbirlər görülmüş, cinayətkarlığa qarşı mübarizə, ictimai-təhlükəsizliyin təmin edilməsi sahəsində qanunla müəyyən edilmiş vəzifələr peşəkarlıqla yerinə yetirilmişdir.
 
  Daxili işlər orqanlarının və Daxili Qoşunların I Avropa Oyunları zamanı, eləcə də dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönəlmiş hərəkətlərin qarşısının alınması üzrə xüsusi əməliyyatlarda üzərinə düşən mühüm vəzifələri yüksək səviyyədə həyata keçirdiyi vurğulanan təbrikdə vətənpərvərliyi, anda sədaqəti ilə seçilmiş şəxsi heyətin fədakar əməyinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi öz əksini tapmışdır.
 
  Məktubda həmçinin Azərbaycan Respublikasına xidmətə görə daxili işlər orqanlarının əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına minnətdarlıq bildirilmiş, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi məsul vəzifələrin şəxsi heyət tərəfindən bundan sonra da böyük əzmlə yerinə yetiriləcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını doğruldacaqlarına əminlik ifadə olunmuşdur.
 
  Bayram tədbiri Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin konsert proqramı ilə davam edib.