Dövlət Bayrağı Günü ərəfəsində - noyabrın  8-də Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup şəxsi heyəti tərəfindən torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət olunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
 
Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı ziyarət olunub. Müdafiə Nazirliyi adından general-mayor Rasim Əliyev, Daxili Qoşunların Komandanlığı adından isə general-mayor Şirin Xəlilov Milli Qəhrəmanın məzarı önünə əklillər və gül dəstələri qoyub.
 
  Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
 
  Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunların hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçmiş Milli Qəhrəman Mübariz İbrahimov 2010-cu ilin iyun ayında təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edərək, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbə vurmuşdur. Onun erməni qəsbkarları ilə döyüşdə göstərdiyi misilsiz şücaət bu gün Daxili Qoşunların sıralarında xidmət edən bütün əsgərlərimiz üçün örnəkdir.