General-leytenant Şahin Məmmədov xüsusi olaraq vurğulayıb ki, göstərilən yüksək diqqət və qayğıya cavab olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını bundan sonra da doğruldacaqdır. 
 
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, oktyabrın 30-da Azərbaycan Respublikasının müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu başa çatıb. Sərəncamdan irəli gələn tələblər Daxili Qoşunlar Komandanlığının ciddi nəzarəti altında həyata keçirilib.
 
Daxili Qoşunlar Komandanının müvafiq əmrinə əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və təlim-tədrisinin təşkili prosesində iştirak edən və bu sahəyə cavabdeh vəzifəli şəxslər tərəfindən müvafiq tədbirlərin yerinə yetirilməsi təmin olunub.
 
  Oktyabrın 31-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb.
 
  Gənc əsgərlər qarşısında çıxış edən general-leytenant Ş.Məmmədov qeyd edib ki, görüşün təşkil edilməsində məqsəd ordu quruculuğu sahəsində respublikada həyata keçirilən məqsədyönlü islahatları, Daxili Qoşunların vəzifələri, yerinə yetirdiyi tapşırıqları diqqətə çatdırmaqdır.
 
  Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən silahlı qüvvələrimizin, o cümlədən Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsindən danışan Daxili Qoşunların Komandanı vurğulayıb ki, bu gün gənc əsgər kimi sıralarımıza daxil olan hərbi qulluqçulara tələb olunan səviyyədə hərbi xidməti təşkil etmək üçün hərtərəfli şərait yaradılıb: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaq. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər Ali Baş Komandanın siz əsgərlərin şərəfli xidmətinə yüksək qiymət verdiyini bir daha təsdiq edir".
 
  Qeyd edilib ki, xidmət dövründə öyrənilən hərbi bilikləri, qazanılan təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəltməli, vəzifə borclarımızdan irəli gələn tələbləri layiqincə yerinə yetirməli, bir sözlə, Vətənə layiqli övlad olmalıyıq. Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçməlidir.
 
  Çıxışın sonunda xüsusi olaraq vurğulanıb ki, göstərilən yüksək diqqət və qayğıya cavab olaraq Daxili Qoşunların şəxsi heyəti Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını bundan sonra da doğruldacaqdır.
 
  Sonda gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb.