Sentyabrın 29-da Belarus Daxili Qoşunlar Komandanının müavini polkovnik İqor Burmistrovun rəhbərliyi ilə Belarus  Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.
 
Səfər çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə çiçəklər qoyublar. Sonra Şəhidlər Xiyabanında Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarı"nı da ziyarət ediblər.
 
  Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə maraqlanıblar. Belarus Respublikasının Daxili Qoşunlarının zabitləri həmçinin "N" saylı hərbi hissədə müvafiq xidmət sahələri ilə də tanış olublar.
 
  Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində beloruslu qonaqları qəbul edib. Qonaqları səmimi salamlayan general-leytenant Ş.Məmmədov, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
 
  Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub.
 
  Polkovnik İqor Burmistrov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, ölkəmizə rəsmi səfərinin əməkdaşlığın bundan sonra da uğurlu inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
 
  Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
 
  Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.
 
  Qeyd edək ki, səfər çərçivəsində belaruslu nümayəndə heyəti Azərbaycanın zəngin tarixi-mədəni həyatını əks etdirən bir sıra muzeylərdə də olublar.