Artıq 10-cu dəfədir ki, DİN-in Daxili Qoşunlarının və Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında məktəblilərin "Şahinlər" yay düşərgəsində istirahəti təşkil edilir.
 
 Hər il olduğu kimi, bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli təşkili, eləcə də onların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Artıq ənənə halını alan, DİN-in Daxili Qoşunlarının və Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqlarının, təhsildə, idmanda fərqlənən şagirdlərinin, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan yeniyetmələrin Quba şəhərində yerləşən "Şahinlər" yay düşərgəsində istirahəti təşkil edilir.
 
  Avqustun 3-də Bakı şəhərinin "Sahil bağı"nda ümumilikdə 200 nəfər yeniyetmənin istirahət düşərgəsinə yolasalınma mərasimi keçirilib. Mərasimdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların Baş İdarəsində Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də yeniyetmələrin valideynləri iştirak ediblər.
 
  Tədbir Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin Azərbaycan Respublikasının Dövlət Himnini ifası ilə başlayıb.
 
  Mərasimdə çıxış edən A.Əsgərov ölkə başçısı Prezident İlham Əliyev tərəfindən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan danışıb. Yeniyetmələrin vətənpərvər ruhda formalaşdırılması məqsədilə Səbail rayonunda görülən işlər barədə məlumat verən icra hakimiyyətinin başçısı bildirib ki, düşərgənin fəaliyyəti layihə təşkilatçılarının diqqət mərkəzində olacaq.
 
  Tədbirdə çıxış edən polkovnik M.Qənbərov yay düşərgəsinin əhəmiyyətini vurğulayaraq, Səbail məktəblilərinə mənalı və yaddaqalan istirahət arzulayıb.                                                                      
 
   Sonra yeniyetmələr Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Məktəblilər həmin gün düşərgəyə yola salınıblar.                      
 
   Məlumat üçün bildirək ki, düşərgədə yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıb. Uşaqlar üçün xüsusi geyim, müxtəlif idman ləvazimatları alınıb. Düşərgə Daxili Qoşunlar Komandanlığı və "İstək" liseyinin Quba filialı tərəfindən tələb olunan avadanlıqlarla təchiz olunub. Yeniyetmələrə Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə gəzintilər təşkil ediləcək, onlar düşərgədə 4 dəfə yüksək kolorili yeməklə, təzə meyvə və tərəvəzlə, süd məhsulları ilə təmin olunacaqlar.
 
  "Şahin"lərin təlim-tərbiyə işləri ilə Səbail rayonunun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar.
 
  Qeyd edək ki, Daxili Qoşunların zabit və gizirlərindən ibarət qrup da düşərgəyə təhkim olunub. Onlar burada aparılacaq hərbi hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər. Məktəblilər həm də Daxili Qoşunların Quba rayonunda yerləşən hərbi hissəsi ilə tanış olacaqlar.