Açılış mərasimində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov iştirak edib.
 
 Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında abadlıq-quruculuq işləri davam etdirilməkdədir. Qoşunların xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər il yeni hərbi şəhərciklər, əsgər kazarmaları, xidməti yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib istifadəyə verilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Daxili Qoşunların Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissənin ərazisində yeni qərargah binası inşa edilib.
 
  İyulun 1-də qərargah binasının açılışı oldu. Açılış mərasimində Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov iştirak edib.
 
 Daxili Qoşunlar Komandanına məruzə edilib ki, 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində hərbi hissənin qərargahı, 3 mərtəbəsində isə 300 nəfərlik əsgər kazarması yerləşir.
 
  Binanın foyesində Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb. Eyni zamanda dəhliz boyunca Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini nümayiş etdirən fotostendlər asılıb.
 
  İnşasına 2014-cü ilin aprel ayında başlanılan yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanların yaradıldığı otaqlar lazımi avadanlıqlarla təchiz edilib. Burada ideoloji, yataq, istirahət, məişət otaqları, brifinq zalı mövcuddur. Kazarmada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqlarına keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlar yerləşdirilib.
 
  Bir sözlə, hərtərəfli şəraitə malik olan yeni qərargah binası müasir standartların tələblərinə cavab verir.
 
   Binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.