Həvalə olunmuş obyektlərin mühafizəsində xidmətin təşkili Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının ciddi nəzarətindədir.
 
 İyunun 12-dən 28-dək idmanın 20 növü üzrə ölkəmizdə - Bakı və Mingəçevir şəhərlərində keçirilən ilk Avropa Oyunları möhtəşəmliyi və yüksək təşkilatçılığı ilə dünyanın diqqət mərkəzindədir.
 
Oyunlar zamanı diqqət çəkən əsas məqamlardan biri də ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yüksək səviyyədə təşkilidir. Məlumat verildiyi kimi, I Avropa  Oyunları zamanı ölkədə asayişin, təhlükəsizliyin qorunması kimi mühüm məsul vəzifəyə digər güc strukturları ilə yanaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da cəlb edilib.
 
  Daxili Qoşunların Komandanlığı həvalə olunmuş obyektlərin mühafizəsinə cəlb edilmiş şəxsi heyətlə davamlı olaraq görüşlər keçirir, xidmətin daha da yüksəldilməsi məqsədilə lazımi tədbirlər yerindəcə həll edilir.
 
  Bu müddət ərzində Qoşunların şəxsi heyəti I Avropa Oyunları ilə bağlı yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən böyük məharətlə gəlməkdədir.
 
  Həvalə olunmuş obyektlərin mühafizəsi məqsədilə perimetr boyu xidmət aparan şəxsi heyətdən başqa, müvafiq obyektləri qəbul edərək, yoxlama-axtarış tədbirlərini həyata keçirən mühəndis-istehkamçılar, eyni zamanda styuard xidmətinin aparılmasına cəlb olunan hərbi qulluqçular vəzifələrinin öhdəsindən layiqincə gəlir, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminə ciddi riayət edilir. Qadın hərbi qulluqçularımızın da xidməti tələb olunan səviyyədə olmuşdur.
 
  Ötən müddət ərzində yarışların keçirildiyi obyektlərdə xidmət aparan hərbi qulluqçularımız baş verə biləcək bir sıra xoşagəlməz halların qarşısını alıblar. Belə ki, postda xidmət aparan hərbi qulluqçular və polis əməkdaşları tərəfindən icazəsiz əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılmış, onların üzərinə baxış keçirilərkən içəri keçirilməsi qadağan edilən əşyalar aşkar edilmişdir. Qanun pozuntuları yerindəcə aktlaşdırılaraq müvafiq olaraq ərazidə xidmət aparan polis əməkdaşlarına təhvil verilmişdir.
 
  Bütün bunlar onu deməyə əsas verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən I Avropa Oyunları ilə əlaqədar olaraq qarşıya qoyulmuş tapşırıqların icrasına yüksək səviyyədə hazırlaşıb.
 
  Məlumat üçün bildirək ki, artıq Mingəçevir şəhərində idman tədbirlərinin yekunlaşması ilə əlaqədar olaraq, Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən müvafiq obyektlərin mühafizəsi başa çatdırılıb. Mingəçevir şəhərində də təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.