İki qardaş ölkənin müvafiq qurumları arasında səmimi dostluq və əməkdaşlıq uğurla davam etdirilir.
 
 Mayın 27-də Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Komandanlığında Qərargah rəisinin müavini general-mayor Metin Alpcanın rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olublar.
 
Türkiyə Silahlı Qüvvələrinin və digər hərbi qurumların  yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətini Ali Hərbi Məktəbdə Daxili Qoşunlar Komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev  qəbul edib.
 
Qonaqları səmimi salamlayan general-mayor V.Əliyev, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. İki qurum arasında mövcud olan əlaqələrin getdikcə daha sıx müstəvidə davam etdiyini deyən general-mayor V.Əliyev, Türkiyə Silahlı Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan zabitlərinin təlim-tədris prosesinin inkişaf etdirilməsindəki önəmli fəaliyyətlərini xüsusilə qeyd edib.
 
 Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Azərbaycan Respublikasında hüquq-mühafizə orqanları ilə birgə daxili təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında önəmli rol oynadığı vurğulanıb.
 
  Qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən general-mayor M.Alpcan, Azərbaycan Respublikasına etdiyi səfərdən məmnun qaldığını ifadə edərək, ötən illər ərzində Daxili Qoşunların keçdiyi inkişaf yolunu, qazandığı uğurları sevinc hissi ilə müşahidə etdiklərini vurğulayıb.
 
  Sonra Daxili Qoşunların Ali Hərbi Məktəb barədə genişməzmunlu brifinq verilib.
 
  Görüşün sonunda xatirə şəkli çəkdirilib.
 
  Qeyd edək ki, nümayəndə heyəti kursantların təlim-tədris prosesi və onlar üçün yaradılmış şəraitlə də tanış olublar.