May ayının 19-u, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasetmə işlərində digər aidiyyatı qurumlarla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da xüsusi fəallıq göstərmişlər. Zərərçəkmiş şəxslərin xilas edilməsində helikopter eskadrilyasının ekipajı və "N" saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 9 hərbi qulluqçusu cəlb olunmuş, bina sakinlərinin təxliyyə edilməsi üçün xilasetmə əməliyyatı keçirilmişdir. Ekipaj üzvləri eskadrilyanın komandiri polkovnik-leytenant Mirzə Fərəcov, pilot-şturman mayor Rüfət Bağırov, bort-texnik kapitan Sabir Səfiyev tərəfindən hadisə yeri öyrənilmiş, qiymətləndirilərək helikopter 30 metrə yaxın hündürlükdə, 16 mərtəbəli binanın damına yaxınlaşdırılmışdır. Bundan sonra, xüsusi təyinatlı dəstənin 3 hərbi qulluqçusu – qrup komandiri leytenant Anar Mahmudov, yarımqrup komandiri gizir Eldar Məmmədov, çavuş Şamil Kərimov alpinist ipləri və kanatlar vasitəsi ilə binanın üstünə enərək xilasetmə işlərini həyata keçirmişlər.
 
  Qeyd etmək lazımdır ki, xilasetmə işlərində yüksək mərtəbəli binanın damına helikopter vasitəsi ilə yaxınlaşaraq vətəndaşların təxliyyəsi üzrə xilasetmə işləri ilk dəfə aparılmış və Daxili Qoşunların hərbi qulluqçuları buna müvəffəq olmuşlar.
 
   Hərbi anda sadiq qalaraq, xidməti vəzifə borclarını layiqincə yerinə yetirərək, vətəndaşların həyatını
 xilas etmiş bütün hərbi qulluqçular Daxili İşlər Naziri tərəfindən mükafatlandırılıblar. Mükafatların təqdim olunma mərasimində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı Daxili İşlər Nazirinin xilasedicilərə təşəkkürünü çatdıraraq, onların şücaətinin bir çox hərbi qulluqçulara nümunə olmasını qeyd edib. Daha sonra Komandan əminliklə bildirib ki, Daxili Qoşunlar bundan sonra da qarşıya qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə həmişə hazır olacaqdır.