Mayın 17-də Belarus  Respublikası  Daxili  İşlər  Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Yuriy Hacimuratoviç Karayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.
 
Mayın 18-də nümayəndə heyəti Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar.
 
  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri qoyulub.
 
  Sonra Şəhidlər Xiyabanına gələn belaruslu qonaqlar, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
 
  Nümayəndə heyəti Şəhidlər Xiyabanında Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarı"nı da ziyarət ediblər.
 
  Həmin gün Belarus Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Y.H.Karayevi Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov qəbul edib.
 
  Sonra Daxili Qoşunların Baş İdarəsində Belarus Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Y.H.Karayevin qarşılanma mərasimi keçirilib. General-mayor Y.H.Karayev Daxili Qoşunların Şərəf Kitabında öz qeydlərini apardıqdan sonra, hər iki qurumun nümayəndə heyəti arasında görüş keçirilib. Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov qonağı salamlayaraq, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında hərtərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
 
  Nümayəndə heyətinin rəhbəri qonaqpərvər qəbul üçün Daxili Qoşunların Komandanına öz təşəkkürlərini bildirib. Azərbaycan Respublikasına səfərdən məmnun olduqlarını deyən hörmətli qonaq, iki qurum arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
 
  Səmimi şəraitdə baş tutan görüşdə Azərbaycan Daxili Qoşunları ilə Belarus Daxili Qoşunları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 
  Sonra Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilib.
 
  Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.