Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, aprel ayının 1-dən 30-na kimi Azərbaycan Respublikasının müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu Daxili Qoşunlarda başa çatdırılmış, onlarla müvafiq təlim proqramına uyğun təlimlər keçirilmişdir.
 
Daxili Qoşunlar Komandanının göstərişinə əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi, onlar üçün şəraitin yaradılması, təlim-tədrisin təşkili prosesində iştirak edən və bu sahəyə nəzarət edən vəzifəli şəxslər tərəfindən tədbirlərin yerinə yetirilməsi təmin olunub.
 
  May ayının 15-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təminat-təchizatı, qidalanması və sağlamlıq durumunun yoxlanılması məqsədilə Qoşunların “N” saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb.
 
  General-leytenant Ş.Məmmədov çıxışına Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənclərdə vətənpərvərlik hisslərini formalaşdıran və dövlətə sədaqət hissi aşılayan fikirləri ilə başladı: “Heç kəsə sirr deyil ki, ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti günü-gündən artır, Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər”.
 
  Ölkə rəhbərinin fikirlərini gənc əsgərlərin xidmətinə verilən ən yüksək dəyər kimi diqqətə çatdıran general-leytenant Ş.Məmmədov əminliklə bildirdi ki, birmənalı olaraq hər bir əsgər xidmət etdiyi silahlı birləşmə haqqında kifayət qədər məlumatlı olmalı, hərbi bilikləri və təcrübəni dövlətimizin güclənməsinə, qüdrətlənməsinə yönəltməlidir.
 
  Daha sonra Daxili Qoşunların ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirakından bəhs edən cənab Komandan, əsgərlərə şərəfli xidmət aparmağın prinsiplərini açıqladı. Tam əminliklə bildirdi ki, bu gün Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir və Qoşunlarda ciddi nizam-intizam vardır: “Ölkəmizin yeni inkişaf müstəvisinə yüksəldiyi bir vaxtda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsi məqsədilə yeni hədəflər müəyyən edilmişdir. Məhz buna görə də, hər bir Daxili Qoşunların əsgəri öz xidməti borclarını layiqincə yerinə yetirməli, içdiyi hərbi anda hər zaman sadiq qalmalıdır”.
 
  Çıxışının sonunda general-leytenant Ş.Məmmədov əminliklə vurğuladı ki, bundan sonra da Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin keşiyində mətinliklə dayanacaqdır.