Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış birgə tədbirlər planına müvafiq olaraq, Aparatın əməkdaşlarının Daxili Qoşunların məsul şəxsləri ilə  birgə hərbi hissələrə başçəkmələri müntəzəm  davam etdirilir. Məqsəd hərbi qulluqçuların məişət şəraiti ilə tanışlıq və həmin hərbi obyektlərdə insan hüquqlarının təmin olunmasının vəziyyətini öyrənməkdir.
 
  Ombudsman Aparatının əməkdaşları plan üzrə növbəti dəfə aprelin 15-də Daxili Qoşunların “N” saylı hərbi hissəsinə baxış keçiriblər. Hərbi hissələrdə şəxsi heyətlə mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və insan hüquqları mövzusunda söhbətlər aparılıb, bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb və  insan hüquqları ilə bağlı çoxsaylı suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçular insan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunublar.
 
  Hərbi hissədə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək bacarığının, yaşayış şəraitinin, qidalanma və sağlamlığının qorunmasının normal səviyyədə təşkili müşahidə edilib.