Aprelin 24-də Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının (GİDS) Baş Direktoru, istefada olan Aviasiya Vitse Marşalı Zübair İqbal Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibində Pakistan İslam Respublikasının Birgə Qərargahının təmsilçisi, ehtiyatda olan polkovnik Xalil Ahmad və GİDS-in Mərkəzi Asiya regionu üzrə layihələr departamentinin direktoru Mehtab Nazir Ahmad da təmsil olunurdu. Səmimi ortamda baş tutan görüşdə nümayəndə heyətini Pakistan İslam Respublikasının ölkəmizdəki Hərbi Attaşesi polkovnik Səid İmran Əli və tərcüməçi qismində Namiq Əliyev müşayiət ediblər.

  Qonaqları salamlayan general-leytenant Ş.Məmmədov, Pakistan İslam Respublikasının, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq hər iki ölkə arasında qarşılıqlı dostluq münasibətlərindən söz açıb. Ölkələrimiz arasında əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qeyd edən cənab Komandan, bu istiqamətdə mühüm irəliləyiş və  perspektivlərin olacağına ümid etdiyini bildirib.

  GİDS-in Baş Direktoru Zübair İqbal Malik qonaqpərvər qəbul üçün öz təşəkkürünü bildirərək, Azərbaycan Respublikasına etdiyi səfərdən məmnun qaldığını deyib. O, rəhbərlik etdiyi Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının fəaliyyətindən, eyni zamanda xarici ölkələrlə əməkdaşlığından söhbət açıb.

  Görüşün sonunda Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov  qonaqla xatirə şəkli çəkdirib.