Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilib, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-leytenant Əhməd Əhmədov mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib. Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb. Dövlət himni səsləndirilib.
 
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri polkovnik İlkin Əsədov mərasimdə çıxış edərək deyib ki, Muxtar Respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarını da əhatə edib. Bu qayğıdan bəhrələnən Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası ötən 20 ildə əsl təşkilatlanma yolu keçib. İstər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi sahəsində görülən işlər ardıcıl xarakter alıb.
 
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda Daxili Qoşunların ilk hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək deyib: “Tarix boyu hər bir xalq müstəqil olmaq, öz dövlətçiliyini yaratmaq istəyib. Lakin dövlət müstəqilliyini yaratmaq heç də bütün xalqlara müəssər olmayıb. Ona görə ki, müstəqillik üçün ilk növbədə güclü ordu yaradılmalıdır. Ordusu olmayan, ictimai təhlükəsizliyi, sabitliyi qorunmayan dövlət müstəqil ola bilməz. Bu gün Azərbaycan müstəqil dövlətdir. Ona görə ki, onun güclü ordusu var, ona görə ki, Azərbaycanda sabitlik var, əmin-amanlıq, ictimai təhlükəsizlik möhkəm şəkildə qorunur”.
 
  Ali Məclisin Sədri qeyd edib ki, Azərbaycan xalqının milli sərvətinə çevrilən müstəqillik və onun qarantı olan ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi xidmətidir.
 
  Ordu quruculuğuna münasibətdə Ümummilli Liderimizin irəli sürdüyü “planlı iş, peşəkar münasibət” siyasətin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan  Ali Məclisin Sədri Vasif Talıbov xüsusi olaraq bildirib ki, Dövlətimizin başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər Daxili Qoşunların Naxçıvandakı hərbi hissəsinin fəaliyyətinin gücləndirilməsində də öz əksini tapmışdır. 20 il bundan əvvəl 1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru böyük təşkilatlanma yolu keçmiş, inkişaf edərək alaya, 2014-cü ildə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.
 
  Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Muxtar Respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində Daxili Qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər” -  fikrini xatırladan Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının möhkəmlənməsində və inkişafında xidməti və əməyi olan şəxslərə təşəkkürünü bildirib, xidməti vəzifələrin yerinə yetirilməsində onlara uğurlar arzulayıb.
 
  Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında” 2015-ci il 11 mart tarixli sərəncamı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının zabiti mayor Rəşadət Mamedov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
 
  Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, zabit-gizir ailələrinə yeni xidməti mənzillərin order və açarlarını təqdim ediblər.
 
  Şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib, xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olub.
 
  Daha sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Daxili Qoşunların xüsusi dəstələrinin təchizatı və xidməti döyüş fəaliyyətinin təşkili ilə maraqlanıb, avtomobil və döyüş texnikalarına baxış olub. Ali Məclisin Sədri əsgər yeməkxanasında şəxsi heyətin qidalanması ilə maraqlanıb.
 
  Həmin gün zabit-gizir ailələri üçün inşa olunan yeni xidməti-yaşayış binasının açılışı olub. Ali Məclisin Sədri Vasif Talıbov və Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov yaşayış binasının açılışını bildirən lenti kəsiblər. Məlumat verilib ki, 5 mərtəbədən ibarət olan binada 45 mənzil var. Mənzillərdə sakinlərin rahatlığı üçün lazımi şərait yaradılıb, mebel dəstləri və məişət avadanlıqları qoyulub. Hər bir mənzil fərdi istilik sistemi ilə təchiz edilib, daimi isti və soyuq su təminatı yaradılıb. Binada sakinlərin gündəlik məişət tələbatının ödənilməsi məqsədilə də zəruri tədbirlər görülüb, zirzəmidə yeməkxana və çamaşırxana istifadəyə verilib. Həmçinin burada gənc zabitlər üçün 64 yerlik yataq otaqları da var. Binanın həyətində  abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.
 
  Ali Məclisin Sədri baş-leytenant Orxan Seyidovun yeni mənzilində olub. Söhbət zamanı Orxan Seyidov və həyat yoldaşı Aişə Seyidova yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər.
 
  Ali Məclisin Sədri zabit-gizir ailələrini yeni mənzillə təmin olunmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
 
  «AzərTac» İnformasiya Agentliyi