Mart ayı Daxili Qoşunların həyatında idman nailliyyətləri ilə də yadda qaldı. Belə ki, iki beynəlxalq turnirdə iştirak edən hərbi qulluqçularımız yarışdan qalib ayrılıblar.
 
  Portuqaliyada keçirilən idmanın kik-boksinq növü üzrə Dünya çempionatında Daxili Qoşunların idman komandasının üzvləri əsgər Ramal Aslanov 1-ci yerə, baş çavuş Elnur Həmidov 2-ci yerə layiq görülüblər.
 
  Digər beynəlxalq yarış isə Qazaxıstanın Astana şəhərində baş tutub. Güc strukturları arasında idmanın əlbəyaxa döyüş növü üzrə keçirilən turnirdə hərbi qulluqçularımızın da (kapitan Taleh Ağayev, baş leytenant Qasım Rəcəbov, gizir Natiq Allahyarov, əsgər Müşfiq Hüseynov) tərkibində olduğu Daxili İşlər Nazirliyinin komandası əldə etdiyi qalibiyyətlərin sayına görə komanda birinciliyində 2-ci yeri tutub.
 
  İdmançılar qazandıqları uğura görə Daxili İşlər Nazirinin müvafiq əmri ilə 500 manat məbləğində pulla mükafatlandırılıblar.
 
  Daha bir yarış aprel ayının 2-dən 4-dək daxili işlər orqan və hissələri arasında idmanın sərbəst güləş növü üzrə keçirilib. Daxili Qoşunlar turnirdə 7 idmançı və 1 nümayəndə heyətilə təmsil olunurdu. İdmançılarımızın 6-sı uğura imza atıb. Yarışda şəxsi birincilikdə baş çavuş Həsən Xəlilov (61 kq), çavuş Məhəmməd Ağalarov (74 kq) 1-ci yeri, əsgər Vüqar Ömərov (61 kq), gizir Salman Musayev (97 kq), çavuş Orxan Əsgərov (125 kq) 2-ci yeri və baş çavuş Eldar Məmmədov (70 kq) 3-cü yeri tutublar.
 
  Əldə olunan nailiyyətlərə görə Daxili Qoşunların komandası komanda birinciliyində 2-ci yerə layiq görülüb.