Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanı general-mayor Şahin Məmmədov bayram münasibətilə şəxsi heyəti təbrik edib.
 

   Dekabrın 28-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd olunub. Dekabrın 31-də isə bu münasibətlə Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində zabit və gizirlərin ailələri, eləcə də Veteranlar Şurasının üzvlərinin iştirakı ilə bayram tədbiri keçirilib.

  Tədbir Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanı general-mayor Şahin Məmmədovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrikin çatdırılması ilə başladı.

  Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün müstəqillik əldə olunandan sonra xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanan təbrikdə bu bayramın şərəfli bir tarixə çevrildiyi qeyd olunmuşdur. Xüsusi olaraq vurğulanmışdır ki, milli həmrəylik – mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılıq, mübarizlik, özünəməxsus ənənələrimizə sadiqlik deməkdir. Vətənini, xalqını sevən hər bir azərbaycanlı öz dövlətini qorumalı, Vətənə böyük məhəbbət və sədaqət nümayiş etdirməlidir.

  Sonra Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin solistləri hərbi qulluqçuların ailə üzvləri qarşısında konsert proqramı ilə çıxışa başladılar. Yüksək səviyyədə təşkil olunmuş konsert proqramında rəngarəng musiqilər, rəqs nömrələri ilə yanaşı, vətənpərvərlik əzmini, döyüş ruhunu artıran mahnılara da xüsusi yer verilmişdi. Müğənnilər və rəqqaslarla canlı təmasda olan bayram iştirakçılarından ən cox sevinən, şadlanan məhz balacalarımız oldu. Onların orkestrin solistlərinə qoşularaq rəqs etməsi şənliyə sanki bir rəng qatırdı. “Şaxta baba”nın hərbi qulluqçularımızın uşaqları üçün gətirdiyi hədiyyələr də onların ürəyincə idi.