19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk kursantları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili, tanınmış pedaqoq  və psixoloq Elxan Xəzər ilə görüşü keçirilmişdir.

  Şairin veteran dostları - Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri: Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da onunla birlikdə kursantların görüşünə gəlmişdi.

  Görüşü giriş sözü ilə açan polkovnik Sahib Babayev ziyalı, alim, şair və yazıçıların gənclərlə, xüsusən hərbi sahəni seçmiş cavanlarla görüşlərinin əhəmiyyətindən söhbət açdı, belə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, tanınmış yaradıcı insanlardan biri olan Elxan Xəzərlə görüşlərin daha böyük dəyəri var. Ona görə ki, Elxan müəllim gözəl söz ustası olmaqla yanaşı, Daxili Qoşunların veteranıdır. Bir müddət bu hərbi qurumun tərkibində xidmət edib. O, 1992-ci ilin avqustundan 1993-cü ilin martınadək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərək iki dəfə yaralanıb. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ənvər Arazovun rəhbərlik etdiyi hərbi hissədə döyüş xidməti üzrə komandir müavini olan Elxan Xəzər o dövrdə aparılmış uğurlu əməliyyatların ön sırasında olmuş və 10-dan artıq yaşayış məntəqəsinin azad olunmasında iştirak etmişdi. Hələ cəbhədə olduğu dövrdə qələmə aldığı şeirlərlə əsgərləri döyüşə ruhlandırmışdır. 1993-cü ildə “Səngər nəğmələri” adı ilə çap olunmuş kitabdakı poetik nümunələr həmin dövrün məhsuludur.

  İndi şairin 20-dən artıq kitabı nəşr olunub və onların bir çoxu hərbi hissələrimizin kitabxanalarında ən dəyərli tərbiyə vasitəsi kimi əsgər və zabitlərin istifadəsindədir. Polkovnik S.Babayev bildirdi ki, onunla hər görüşü səbrsizliklə gözləyir və müəyyən hazırlıq işləri aparırıq. Elə bu görüşdə də kursantlardan bir neçəsi Elxan Xəzərin şeirlərindən nümunələri tədbir iştirakçılarına təqdim etdi.

   Sonra o, Elxan Xəzərin həyat və yaradıcılığı haqqında məruzə etmək üçün müharibə veteranı, hərbi jurnalist Yalçın Abbasova söz verdi. Y.Abbasov hərbçi-şairin həyatı, xidməti fəaliyyəti, döyüş yolu, yaradıcılığı, respublika veteran hərəkatında tutduğu layiqli yeri haqqında geniş məruzə etdi.

  Ali Hərbi Məktəbin kursantları Elxan Xəzərin “Türkün hər şeyi var”, “Biz etməsək, kim edəcək”, “Döyüşçü nəğməsi”, “Nicat vuruşdadır”, “İndi hünər vaxtıdır”, “Qoy hamı bilsin ki” şeirlərini söylədilər.

  Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik-leytenant Murad Mürsəlov isə şair dostu ilə bağlı xatirələrini danışaraq Elxan Xəzərə həsr etdiyi şeiri oxudu.

  Daha sonra döyüşçü-şair Elxan Xəzər tədbir iştirakçıları qarşısında çıxış edərək kursantlara məsləhət və tövsiyələrini verdi, arzu və istəklərini çatdırdı, müxtəlif kitablara daxil edilmiş şeirlərindən nümunələr səsləndirdi.

  Görüşə yekun vuran general-mayor İlqar Məmmədov Elxan Xəzərin fəaliyyətini yüksək qiymətləndirdi, kursantlarla görüşə gəldiyinə görə ona təşəkkür etdi və əmin olduğunu bildirdi ki, bu görüşdə həm şairin, həm də veteranların səsləndirdiyi fikirlər kursantların mənəvi-psixoloji hazırlığının yüksəlməsinə müsbət təsir göstərəcək. O, Elxan Xəzərin “Fəxri fərman”la təltif olunduğunu bildirdi və mükafatı tədbir iştirakçılarının alqış sədaları altında şairə təqdim etdi.

  Görüşün sonunda Elxan Xəzər müxtəlif illərdə nəşr olunmuş kitablarından nümunələri kursantlara hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdirdi.