Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin ərazisində yerləşən uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə polkovnik Mətləb Qənbərov, polkovnik Salamat Cəfərov, Veteranlar Şurasının üzvü döyüşçü-şair Elxan Xəzər, Daxili Qoşunların hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.
 
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Bağçanın metodisti Elmira Məmmədova uşaqları və bütün qonaqları bayram münasibətilə ürəkdən təbrik edərək, bu günün təsis olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu bildirdi. Qeyd olundu ki, məhz onun 1993-cü ildə imzaladığı fərmanla 31 dekabr tarixi həm ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən hər il təntənəli şəkildə qeyd edilir.
 
  Daha sonra təbrik üçün söz polkovnik M.Qənbərova verildi. O, da öz növbəsində hər iki əlamətdar bayram münasibətilə bütün uşaqları, onların valideynlərini təbrik etdi. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsinin ildən-ilə daha geniş vüsət aldığını söyləyən polkovnik M.Qənbərov bu həmrəyliyin soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini sözlərinə əlavə etdi.
 
  Tədbir uşaqların şer və nəğmələri, milli rəqsləri ilə davam etdi. Sonda çıxış üçün söz Daxili Qoşunların Veteranlar Şurasının üzvü E.Xəzərə verildi. Gələcəyimiz olan balacalara yeni ildə yeni-yeni nailiyyətlər arzulayan döyüşçü-şair onlara Vətəni sevməyi, ona layiqli, əsl vətənpərvər insanlar kimi böyüməyi tövsiyə etdi. Bu işdə təbii ki, onların valideynlərinin və müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən şair öz şer payı ilə uşaqları sevindirməyi unutmadı.
 
  Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçularının övladlarının tərbiyə olunduğu hərtərəfli şəraitə malik uşaq bağçasının təntənəli açılış mərasimi bu ilin avqust ayında keçirilib.