Noyabrın 22-də DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Nümunəvi-göstərici Hərbi Orkestri yaranmasının 20 illik yubileyi münasibətilə şəxsi heyət qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsertdə Daxili Qoşunların Komandanlığı, eləcə də Baş İdarənin və Bakı şəhərində yerləşən hərbi hissələrin hərbi qulluqçuları iştirak edib.
 
  Əvvəlcə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun Nümunəvi-göstərici Hərbi Orkestrin kollektivinə 20 illik yubiley münasibətilə ünvanladığı təbrik məktubu oxundu.
 
    Musiqisi Hərbi orkestr xidmətinin rəisi - baş hərbi dirijor, Azərbaycan Respublikasının “Əməkdar artist”i polkovnik-leytenant İlqar Novruzova məxsus “Hərbi Orkestrin marşı” ilə başlanan konsertdə orkestrin solistləri Cahangir Qurbanov, Amil Məmmədov, Fidan Hacıyeva, Zaur Əmiraslanov, Səlim Abbasov, Zeynalabdin Kərimov, Rəna Əliyeva, Vəsilə İbrahimova, Zabitə Alıyeva və başqaları hərbi vətənpərvərlik hissi aşılayan mahnılar ifa etdilər. Repertuara daxil edilmiş “Daxili Qoşunların marşı”, “Yaşa Azərbaycan”, “Əsgər Anası”, “Qarabağ şikəstəsi” və s. ifalar tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.
 
   Konsertin sonunda Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov orkestrin üzvləri ilə görüşərək səmimi söhbət etmiş, söhbətdə orkestrin bu günki fəaliyyəti, gələcək yaradıcılıq planları müzakirə olunmuşdur.
 
  Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestri 1994-cü il noyabrın 17-də yaradılıb.