Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının müvafiq əmrinə əsasən sentyabr ayının 1-dən 26-dək Ali Hərbi Məktəbdə və hərbi hissələrdə müxtəlif xidmət sahələri üzrə illik texniki baxışlar və qoşun xidmətinə, təbliğat-təşviqat, özfəaliyyət kollektivlərinə baxış müsabiqələri keçirilmişdir.
 
  İllik texniki baxışlar zamanı hərbi hissələrin istismarında olan avtomobil və zirehli texnikanın, rabitə vasitələrinin, kimya və mühəndis avadanlıqlarının vəziyyəti, onların düzgün istismarı, qorunub saxlanılması öyrənilmiş və qiymətləndirilmişdir.
 
  Baxış müsabiqələri zamanı əsas diqqət hərbi şəhərciklərin, qərargahların, qarovul məntəqələrinin, idman və təlim şəhərciklərinin, klub və kitabxanaların, döyüş şöhrəti otaqlarının, bölmələrin və mədəni-maarif otaqlarının tərtibatına və təbliğat vasitələrinin müasirliyinə, onların hərbi qulluqçuların peşə hazırlığı üzrə biliklərinin artırılmasında effektliyinə, həmçinin tərbiyə işinin təşkilində önəmliyinə xüsusi diqqət yetirilmişdir. Özfəaliyyət kollektivlərinə baxış müsabiqəsi zamanı isə repertuar və janr baxımından göstərilənlərin hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə uyğunluğu yüksək qiymətləndirilimişdir.
 
  Baxış və müsabiqələrin nəticələrinə görə, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının əmrinə əsasən, 1-ci yerləri tutmuş hərbi hissələr 200 manat,  2-ci yerləri tutmuş hərbi hissələr 150 manat, 3-cü yerləri tutmuş hərbi hissələr isə 100 manat məbləğində pulla mükafatlandırılmışlar. Bundan başqa, xidməti-vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə ümumilikdə 15 nəfər hərbi qulluqçu mükafatlandırılmışdır. Onlardan 5 nəfərinə «Təşəkkür» elan edilmiş, 3 nəfəri «Fərman»la təltif edilmiş, 4 nəfər hərbi qulluqçu 200 manat, 2 nəfər hərbi qulluqçu isə vəzifə maaşı məbləğində pulla mükafatlandırılmışdır.
 
  Müsabiqələrdə müsbət cəhətdən fərqlənən hərbi hissələrin şəxsi heyətini təbrik edir, hər zaman nümunə olmağı və uğurlarının davamını arzulayırıq.