Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamına əsasən, oktyabr ayının 1-dən etibarən 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması prosesinə başlanılmışdır. Sərəncamdan irəli gələn tələblərə uyğun olaraq, Daxili Qoşunlarda gənc çağırışçıların qəbulu həyata keçirilməkdədir. Qoşunlarda xidmətə yeni qəbul edilmiş gənclərin hərbi xidmətə tədricən uyğunlaşdırılmasını, hərbi nizamnamələrin müddəaları ilə tanış olmalarını, eləcə də mənəvi-psixoloji durumun yüksək səviyyədə saxlanmasını təmin etmək üçün müvafiq tədbirlər planı təsdiq olunub və yeni tədris proqramı hazırlanmışdır.
 
  Çağırışçıları qəbul edən "N" saylı hərbi hissənin komandiri polkovnik Salamat Cəfərov bildirdi ki, gənc əsgərlərin qəbulu prosesi birbaşa olaraq Daxili Qoşunlar Komandanlığının ciddi nəzarəti altındadır. Qəbul edilən gənclər ilkin olaraq genişləndirilmiş tibbi müayinədən keçirilir. Bu müayinələr Daxili Qoşunların hospitalının ixtisaslı həkimləri tərəfindən aparılır. Müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar hərbi ləvazimatlarla tam təchiz olunaraq, ilkin hazırlıq məşğələlərinə başlanılır.
 
  Qısa müddət ərzində xeyli işlərin görüldüyünü diqqətə çatdıran hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini mayor R.Məmmmədov bildirdi ki, gənc əsgərlərin 45 günlük təlim dövründə bütün tədbirlər plana uyğun olaraq həyata keçirilir. Gənc çağırışçıların qəbulu ilə əlaqədar olaraq, qəbul məntəqəsi təbliğat-təşviqat vasitələri ilə təchiz olunmuş, divar qəzetləri, şəxsi işlər və yaddaş kitabçaları hazırlanmış, asudə vaxtın səmərəli təşkili üçün mədəni-maarif əmlaklarının vəziyyəti yoxlanılmış, çatışmazlıqlar aradan qaldırılmışdır.
 
  Təsdiq olunmuş plana uyğun olaraq, şənbə-bazar günləri bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində gənc əsgərlərin Daxili Qoşunların veteranları ilə görüşləri, qoşunların tarixini əks etdirən muzeyə gəzintiləri təşkil ediləcək. İstər veteranlarla görüşlərdə, istərsə də muzeydə onlara Daxili Qoşunların tarixi, döyüş yolu, qəhrəmanlıq nümunələri, həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumatlar veriləcəkdir. Bir qayda olaraq, gənc əsgərlərlə mütəmadi olaraq tərbiyəvi mövzularda söhbətlər aparılır, hərbi xidmətin üstünlükləri izah edilir, dövlət və dövlətçiliyə sadiqlik, Vətənə məhəbbət kimi ən müqəddəs hisslər aşılanır.
 
  Əsgərlər hərbi xidmətə qəbul olunduqları ilk gündən başlayaraq onlarla fərdi söhbətlər aparılır, xüsusi diqqət tələb edən çağırışçılar nəzarətə götürülür və ruh yüksəkliyi yaratmaq üçün onlara xüsusi qayğı ilə yanaşılır.
 
  Təlim dövründə eyni zamanda ictimai-siyasi, sıra, fiziki və atəş hazırlığı məşğələlərinə xüsusi önəm verilir. Daxili Qoşunların təyinatı və vəzifələri, istifadədə olan silahların taktiki-texnixi xüsusiyyətləri, nişanalma və təhlükəsizlik qaydaları, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri özündə əks etdirən müvafiq nizamnamələrin müddəaları ilə bərabər, Qanunvericilik aktları da gənc əsgərlərə öyrədilir. Sonuncu həftədə isə praktiki atışlar yerinə yetirilir və hər bir əsgər fərdi qaydada qiymətləndirilir.
 
  Bütün bunlar deməyə əsas verir ki, hərbi hissədə həyata keçirilən tədbirlər gənc əsgərlərin Vətənə layiqli əsl vətənpərvər hərbi qulluqçular kimi formalaşmasında mühüm rol oynayacaqdır.