Sentyabrın 9-da Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak etmişdir.
 
  Hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov məruzə etmişdir.
 
  Məruzədə bildirilmişdir ki, cari ildə Qoşunların şəxsi heyəti ilə tərbiyə işi, qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd olunmuşdur ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilmiş, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilmişdir. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və keçirilən tərbiyə işi tədbirləri nəzarətdə saxlanılmış, hər ay təhlil edilərək, Daxili Qoşunların Komandanlığına məruzə olunmuş, müvafiq tövsiyələr verilmişdir. Bundan əlavə baş vermiş ölüm, cinayət, hadisə, kobud intizam pozuntularının və xəsarət alma hallarının statistikasında 2013-cü illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğu vurğulanmış və bir sıra nöqsanların mövcudluğu nəzərə çatdırılmışdır.
 
  Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri dinlənilmişdir. Dinləmələr zamanı çıxış edənlər Hərbi Şuranın üzvlərinin mövcud nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallarına izahat vermiş, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə etmişdirlər.
 
  Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Ş.Məmmədov yekun nitqi söyləyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ötən müddət ərzində ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak etmiş və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmişdir.
 
  Daha sonra qeyd etmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilmiş, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunmuş, ümumilikdə bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. Hərbi intizamın möhkəmləndirilməsində 2013-cü illə müqayisədə müsbət nailiyyətlərin qazanıldığını vurğulayan general-mayor Ş.Məmmədov qarşıda duran əsas vəzifələrin icrasının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə  müvafiq tapşırıqlar vermişdir.
 
  O, əminliklə qeyd etmişdir ki, Daxili Qoşunların rəhbərliyi başda olmaqla, hərbi hissələrin komandanlıqları, Baş İdarənin şöbə və xidmət rəisləri Azərbaycan Respublikasının qanunlarından, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətin dayanacaqlar.